Məmməd Əliyev: Düşünülmüş siyasətin təzahürü
Siyasət
Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Məmməd Əliyev - “Dövlət başçısı İlham Əliyev iyulun 20-də Füzuli və Cəlilabad rayonlarına, Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfər etdi. Bu mühüm addım bir daha təsdiqlədi ki, işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrimizin sosial-iqtisadi inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Cənab İlham Əliyev 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış oldu, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi. Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinin ümumi mənzərəsində bərpa-quruculuq işlərinin müasir tələblər səviyyəsində sürətlə həyata keçirildiyi özünün aydın ifadəsini tapdı. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə görülən bütün işlər ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Belə ki, diqqət yetirsək yol infrastrukturunun çox qısa zamanda yeniləndiyini, bərpa edildiyini görərik. Yeni avtomobil, dəmir yolunun çəkilişi, hava limanlarının tikintisi diqqətdən kənarda qala bilməz. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yol-nəqliyyat infrastruktunun bərpasına yönələn addımlarla yadda qalır. Füzuli rayonundan Qarabağın tacı Şuşaya çəkilən Zəfər yolu çox qısa zamanda istifadəyə verildi. Bu yol, eyni zamanda, böyük rəmzi məna daşıyır. Dünyaya səs salan və dastana çevrilən Şuşa əməliyyatına aparan bu yol şanlı Zəfərimizin təqdimatıdır. 2020-ci ildə cənab İlham Əliyev, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Dövlət başçısının səfəri çərçivəsində tikinti işləri ilə tanışlıq zamanı məlumat verildi ki, yolun baxış keçirilən 27 kilometrlik hissəsində əsas infrastruktur işləri tam icra olunub. Ümumilikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 50 faizi tamamlanıb. Yolboyu müxtəlif diametrli 137 suötürücü boru, 30 yeraltı keçid, 8 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 984, viadukların uzunluğu isə 2090 metrdir.”
Ümumiyyətlə, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir: “Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Ümumilikdə hər bir bölgənin inkişafında yol-nəqliyyat infrastrukturu mühüm rol oynayır. Qısa zamanda işğaldan azad edilmiş Füzulidə və Zəngilanda Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının tikintisinin davam etdirilməsi də deyilənlərə bariz nümunədir. Bu hava limanlarına beynəlxalq statusun verilməsi özündə bütün məqamları ehtiva edir. Füzuli Beynəlxalq Hava limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın hava qapısı” adlandırdı. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanı Qarabağın və digər bölgələrimizin dünya ilə əlaqələrinin daha da genişləndirəcək. İşğaldan azad edilmiş ərazilərimizdə 3 Beynəlxalq Hava Limanının inşası bu bölgələrin iqtisadi inkişafının təmin edilməsində, turizm imkanlarından səmərəli istifadədə sözünü deyəcək ki, bu da öz növbəsində ölkəmizin davamlı iqtisadi inkişafına böyük töhfə olacaq.”
İrəli sürülən təşəbbüslərin reallığa çevrilməsində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.
Əlverişli biznes mühitinin yaradılması ilə bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlığı möhkəmləndirilir: “Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Təkcə Davos Dünya İqtisadi Forumunun hesabatına diqqət yetirmək kifayətdir. Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir.”
Dövlət başçısı İlham Əliyev bu günlərdə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha belə bir reallığı diqqətə çatdırdı ki, qazanılan uğurlar düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Cəsarət Qasımov: Milli dövlətçiliyimizin xilaskarı
Yollarımız hər zaman açıq olsun!
Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
Namizəd İsmayılov: Yeni Azərbaycan Partiyasının Müasir Azərbaycanın tərəqqisində rolu