Qərbi Azərbaycana qayıdışla bağlı görüləcək işlər dövlətimiz üçün prioritet istiqamətdir.
Gündəm / Siyasət
Məlum olduğu kimi, Vətən müharibəsini zəfərlə sonlandırdıqdan sonra Qarabağa və Şərqi Zəngəzura uğurlu Böyük qayıdış konsepsiyası həyata keçirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına dönüşünü gerçəkləşdirməkdir. Azərbaycan xalqı, dövləti qarşısında duran bu tarixi missiya barədə dekabrın 24-də Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı Prezident İlham Əliyev də vurğuladı ki, "Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur".
Qeyd edək ki, artıq dövlət səviyyəsində bu istiqamətdə mühüm addımlar da atılıb. Bu il avqustun 3-də 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adının dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilməsi, icmanın yeni Nizamnaməsinin təsdiq olunması da görülən işlərin tərkib hissəsidir. Eyni zamanda icmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Bu təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan erməni faşistləri tərəfindən qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir.
XIX-XX əsrlər ərzində erməni millətçiləri Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdüblər və mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə tarixi şəhərimiz - İrəvan Ermənistana bağışlanıb. 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra digər torpaqları sovet hökumətinin xain siyasəti nəticəsində Ermənistana birləşdirilib, 1948-1953-cü illərdə Qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qalıblar. 1987-ci ildən erməni millətçiləri sovet hökumətinin dəstəyi ilə azərbaycanlıları tarixi diyarları Qərbi Azərbaycandan deportasiya ediblər. Növbəti cinayət ünvanı kimi Qarabağı və Şərqi Zəngəzuru hədəf seçən Ermənistan o vaxt Azərbaycanda hakimiyyətdə olan antimilli qüvvələrin xəyanətkar siyasətindən yararlanaraq bu tarixi torpaqlarımızı da işğal etmiş, daha yüz minlərlə azərbaycanlını məcburi köçkünə çevirmişdilər.
Ermənilər tarixin müxtəlif dönəmlərində qəsb etdikləri Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı soyqırımı siyasəti həyata keçiriblər, toponimlərimizi dəyişdirib uydurma erməni adları qoyublar, türk dilində mövcud olan yer adlarını ermənicəyə çeviriblər.
İki əsrə yaxın müddətdə erməni təcavüzü ilə üz-üzə qalan, tarixi yurdlarından deportasiya edilən, kütləvi qırğınlara, soyqırımlarına, işgəncələrə məruz qalan Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı məsələləri daim gündəmində saxlayan Azərbaycan dövlətinin növbəti dəfə bu istiqamətdə atdığı addım əvvəllər Bakıda "Qarabağa dönüş" ictimai Birliyinin yerləşdiyi binanın icmanın istifadəsinə verilməsi oldu. Dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev vurğuladı ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və öz doğma torpaqlarına qayıtmalıdırlar: "Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır". Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışının təmin olunması istiqamətində gerçəkləşdirilən bütün məsələlər birbaşa Prezident İlham Əliyevin nəzarəti altındadır. Bu baxımdan dövlətimizin başçısının Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı tarixi ərazilərindən deportasiya edilən soydaşlarımızın yurdlarına qayıdışı ilə, gələcəkdə görülməsi vacib olan işlərlə bağlı səsləndirdiyi fikirləri Qərbi Azərbaycana qayıdışla bağlı müəyyənləşdirdiyi mükəmməl yol xəritəsi hesab etmək olar. "Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün", - deyə qeyd edən Prezident vurğuladı ki, "...Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik".
Qərbi azərbaycanlıların hüquqlarının sülh yolu ilə təminatı üçün əsas şərtlərdən biri beynəlxalq müstəvidə fəallığı artırmaqdır. Buna görə də icmanın həm tarixi həqiqətləri, həm Azərbaycan tarixi irsinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı olan faktları özündə əks etdirən rəqəmsal platforması, portalı yaradılmalıdır.
Eyni zamanda Qərbi azərbaycanlıların əzəli torpaqlarına qayıdışı prosesinin hüquqi müstəvidə öz həllini tapması üçün beynəlxalq hüquqşünaslar da cəlb edilməklə bu sahə ilə əlaqədar müəyyən işlər görülməlidir. Tariximizə dair kitablar yenilənməli, toponimlərimizlə bağlı elektron variantları olan kitablar dərc edilməli, xarici dillərə tərcümə edilməli və dünyaya yayılmalıdır.
Bir sözlə, Qərbi azərbaycanlıların ermənilər tərəfindən tarixi yurdlarından deportasiya olunmaları və hüquqlarının pozulmaları, eləcə də bu soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətindəki məsələlərin beynəlxalq gündəliyə daxil edilməsi istiqamətində mühüm işlər görülməlidir.
Əminik ki, qarabağlılar və Şərqi zəngəzurlular kimi, dövlətimizin Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qovuşdurulması üçün məqsədyönlü və təşkilatlanmış qaydada apardığı siyasət tezliklə öz bəhrəsini verəcək və bu soydaşlarımız da torpaq həsrətindən qurtulacaqlar.
Qərbi Azərbaycan icması üçün yeni binanı hədiyyə etdiyi zaman Prezident İlham Əliyevin dediyi kimi: "Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah".
Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər: