» » Cəsarət Qasımov: Biz öz doğma diyarımıza bağlı olan xalqıq

Cəsarət Qasımov: Biz öz doğma diyarımıza bağlı olan xalqıq

Cəsarət Qasımov: Biz öz doğma diyarımıza bağlı olan xalqıq
Siyasət
14:13, 23 октябрь 2023
54
0
Cəsarət Qasımov: Biz öz doğma diyarımıza bağlı olan xalqıq


Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov -  2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.


Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.

Artıq Qarabağ, eləcə də onun bir parçası olan Füzuli azadlığına qovuşub. Düz üç ildir ki, bu torpaqlar azad nəfəs alır, 30 il didərgin həyatı yaşamış insanlar öz yurd-yuvalarına qayıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən ölkə rəhbəri sakinləri bu gözəl gün münasibətilə təbrik edərək deyib: “Şadam ki, gənc nəsil də - füzulilərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq.”

Artıq Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur. Burada hələ ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Cənab Prezident həyata keçirilən layihələrin miqyası, işlərin gedişi barədə bildirmişdir ki,  “Onu da bildirməliyəm ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilmişdir. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik. Düzdür, laçınlılar füzulililərdən bir qədər tez öz doğma yurduna qayıtmışlar. Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların bəziləri qalmışdı və biz o evləri sadəcə olaraq bərpa etdik, ən gözəl şərait yaratdıq. Deməli, Laçının əvvəlki şəhərsalma mənzərəsi yerindədir. Burada isə şəhər tamamilə yenidən qurulur.”

Füzuli şəhərinin önəmli strateji məntəqə olduğunu qeyd edən cənab İlham Əliyev bu torpaq uğrunda canlarını fəda etmiş şəhidlərimizi, qəhrəman qazilərimizi yad edərək bildirmişdir: “Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar. Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq.”

Bəli, bu gün Vətənin dilbər guşəsi Füzuli azaddır. 3 ildir ki yağılar bu torpaqlardan qovulub. Füzulinin torpağı, da, daşı da bayram günlərini yaşayır. Şəhidlərimizin ruhu şaddır. Bu bayrama qəhrəman qazilərimizin də qatılması xüsusi bir əhəmiyyət daşıyır. Göylərə ucalan üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.

Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın