Şəhriyar Mustafayev: YAP-a xalqın etimadı böyükdür
Siyasət
Şəhriyar Mustafayev - Ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər,, xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını Onun ətrafında sıx birləşdirdi.
Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, yenicə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir. Artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdı. Daxildə gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. Həmin dövrün çətinlikləri xalqın böyük əksəriyyətinin arzu və istəklərini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində əksini tapmışdı. Həmin müraciətdə bildirildi ki, əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü fövlət xadimi qoyarsa o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. Ümummilli Lider Heydər Əliyev müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” fikirləri ilə yeni yaradılacaq partiyanın gələcəyinə böyük inamını ifadə etdi. Beləliklə, Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirildi.
Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi. Bu mühüm cağırış da səsləndirildi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin önündə saxlayır. Ümumiyyətlə, YAP-ın yaranması ilə ölkəmizin həyatında yeni mərhələ başladı. Ölkənin uğurlarında Yeni Azərbaycan Partiyasının öz rolu və payı var. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövrün başlanğıcı oldu. Bu qayıdış Azərbaycanı həmin illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi, torpaqlarımızın işğalının qarşısını aldı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl son 21 ilin uğurlarının əsası oldu. 2003-cü ildə cənab İlham Əliyev xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində bu çağırışı etdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 21 ilin uğurları bu vədin özünü doğrultduğunu təsdiqləyir. Bu illər Yeni Azərbaycan Partiyasının həyatında da əhəmiyyətli rol oynadı.
Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini bir zərurətə çevirdi. Partiyanın VII qurultayında proqram xarakterli çıxışında “Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur” söyləyən dövlət başçısı, YAP Sədri İlham Əliyev bildirdi ki, yeni bir vəziyyət yaranıb. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratdı. Ölkəmizdə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.
Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün çağırışları əsasında YAP-ın yeni Proqramı hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. “Biz birlikdə güclüyük!” devizi altında qarşıdakı dövrün hədəflərini açıqlayan yeni Proqramın son üç ildə uğurlu icrası göz qabağındadır. Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır. YAP ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanır. 32 ilin uğurları gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Xalqımızın Yeni Azərbaycan Partiyasına inamı, etimadı böyükdür. Cari ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri bunun bir daha təsdiqi oldu.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun: