» » Müşfiq Hüseynov: Möhtəşəm tərəqqi və yüksəliş erasının əsası

Müşfiq Hüseynov: Möhtəşəm tərəqqi və yüksəliş erasının əsası

Müşfiq Hüseynov: Möhtəşəm tərəqqi və yüksəliş erasının əsası
Siyasət
13:31, 13 июль 2023
59
0
Müşfiq Hüseynov: Möhtəşəm tərəqqi və yüksəliş erasının əsası


Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov - Respublikamızın tarixində dönüş günü olan 1969-cu ilin 14 iyulu xalqımızın özünə qayıdış tarixi, Azərbaycanın zəfər yürüşünün, tərəqqi yolunun başlanğıcıdır. Yaddaşlarda ən şərəfli gün kimi qalan və xalqımız üçün çox əziz olan bu tarixdə böyük dövlət xadimi, müasir və müstəqil dövlətimizin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyət başına gəlmişdir. İqtisadi və mədəni tənəzzül dövrünü yaşayan respublikamızın ən çətin vaxtlarında Ümummilli Lider Heydər Əliyevin dövlətin ali vəzifəsinə seçilməsi xalqımız üçün möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Xalqımızın belə bir dahi övladının ölkəmizdə rəhbərliyə başlaması Azərbaycanın xilası üçün yeganə düzgün yol idi. Ümummilli Liderimizin titanik əməyi nəticəsində respublikamızda başlanan sürətli inkişaf, geniş quruculuq işləri qısa zaman kəsiyində ölkəmizi bütün sahələrdə çağdaş tərəqqi yoluna çıxardı.

Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlaması respublikanın inkişafı üçün yeganə düzgün yol idi. Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edən milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlərin görülməsi, sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurların qazanılması qısa zamanda ölkəmizdə vəziyyətin dəyişməsinə, iqtisadi potensialın güclənməsinə, o cümlədən əhalinin rifahının xeyli yüksəlməsinə, elm, təhsil və mədəniyyətin böyük inkişaf prosesi keçməsinə səbəb oldu.

 “Ötən əsrin 60-cı illərində iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri olan ölkəmizdə bütün sahələrdə həyata keçirilən geniş islahatlar Azərbaycanın beynəlxalq nüfuzunun durmadan yüksəlməsinə səbəb oldu. Ümummilli Liderin başlıca strateji hədəflərinə çevrilən balanslaşdırılmış dövlət siyasəti xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılmasına, təhsil və səhiyyənin inkişafına, elmi-texniki tərəqqiyə, milli irsin qorunması, eyni zamanda, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə gətirib çıxardı.

Azərbaycana demokratikləşmə, sabitlik, sosial inkişaf, iqtisadi yüksəliş, siyasi islahatlar gətirən Ümummilli Liderin həyat amalı müstəqil bir dövlət qurmaq idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana və regiona sülh və davamlı inkişaf gətirmək yolunda gördüyü böyük işlər onun dünyada görkəmli şəxsiyyət və siyasi xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər oldu.

Ümummilli lider Azərbaycana qəlbdən bağlı olan, xalqını ürəkdən sevən və respublikamızın yüksəlişi üçün fədakarlıq göstərən şəxsiyyət idi. Ulu Öndərin müdrik, uzaqgörən rəhbərliyi nəticəsində respublikamız nəinki keçmiş SSRİ-də yüksək göstəricilərə nail oldu, həm də dünyada tanındı və özünün hazırkı müstəqilliyini gerçəkləşdirdi”.

 Heydər Əliyevin idarəçilik fəaliyyəti böyük bir məktəbin əsasını qoydu. Dahi şəxsiyyətin söylədiyi nitq, insanlarla ünsiyyəti, onları səbirlə dinləməsi, göstəriş və tövsiyələr vermək qabiliyyəti, kadrlara qayğı və tələbkarlığı, çətin məsələləri həll etmək üçün çıxış yolu tapmaq bacarığı, iradə möhkəmliyi və yorulmazlığı heyrət doğururdu.

“Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimizin ilk dövrlərində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. 1993-cü ildən sonra respublikamızda aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, müstəqil, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycanın yaradılmasına səbəb oldu.

Həyat yolu nəsillərə nümunə olan, müstəqil, milli dövlətçiliyin əsasını qoyaraq yeni idarəçilik məktəbi formalaşdıran Ümummilli Liderimiz Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib. Dahi şəxsiyyət özünün şah əsəri olan və canı qədər sevdiyi müstəqil Azərbaycanı bu məktəbin layiqli davamçısı olan Prezident İlham Əliyevə əmanət etməklə müstəqilliyimizə, qüdrətli olmağımıza təminat vermiş oldu”.

Ümummilli Liderimiz hər zaman Azərbaycanı dünyanın ən güclü, qüdrətli və özünə güvənən bir ölkəyə çevirmək istəyirdi. Bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və qalib gəlir. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada müstəqil daxili və xarici siyasət yeridərək ən güclü ölkələrdən birinə çevrilib. Öz qüdrəti ilə dostları sevindirib, düşmənləri məyus edən Azərbaycan dövlətinin ideoloji, iqtisadi və hərbi təməlləri məhz ötən əsrin 70-ci illərində ümummilli lider tərəfindən qoyulub.

Ulu Öndərin möhkəm təməllər üzərində yüksəkliklərə qaldırdığı Azərbaycan bu siyasi kursun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük zirvələrə doğru aparılır.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın