Şahin Kazımov: Şanlı Qələbəmizin təntənəsi
Siyasət
Şahin Kazımov - 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradının keçirildiyi 10 dekabr 2020-ci il tarixdən üç il keçir. Dövlət başçısı İlham Əliyev Zəfər paradının Azərbaycan tarixində əhəmiyyətini belə xarakterizə etmişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Zəfər paradında Silahlı Qüvvələrimizin şəxsi heyətinin Azərbaycanın Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləməsi, Dövlət bayrağının və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqlarının Azadlıq meydanına gətirilməsi hər bir vətəndaşımızda sonsuz qürur hissi yaratdı. Hər zaman torpaqlarımızın işğaldan azad ediləcəyini, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdacağını böyük inamla vurğulayan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2018-ci ildə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr edilən hərbi paraddakı çıxışında belə bir əminliyi ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərini gördü. Haqq, ədalət Azərbaycanın tərəfində olsa da dünyanın ikili standartlara əsaslanan siyasəti problemin həlli prosesinin uzanmasına səbəb oldu. İşğalçı dövlətə edilən dəstəklər daha böyük iddialarla yaşamasını şərtləndirdi. Ermənilər və erməni diasporu havadarlarının dəstəyi ilə illərdir belə fikir yaratmağa çalışdılar ki, guya bu torpaqların sahibi onlardır, Azərbaycan xalqı işğalla barışacaq və bu ərazilər onlarda əbədi qalacaq. Ermənistan silahlı qüvvələri barədə “məğlubedilməz ordu” təsəvvürü yaratmağa çalışan ermənilər və onlara havadarlıq edən dövlətlər 44 günlük İkinci Qarabağ müharibəsində həqiqətin bir daha şahidi oldular. Belə ki, 44 gündə Ermənistan silahlı qüvvələrini diz çökdürüb kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan Ordusu dünyanın ən güclü, məğlubedilməz ordusu olduğunu nümayiş etdirdi.
Qələbəyə gedən yol hər zaman geniş təhlil olunur. Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Əgər iqtisadi inkişaf, iqtisadi müstəqilliyimiz olmasaydı, lazım olan müasir silahları əldə edə bilməzdik. Uzun illər ərzində ölkəmizin əsas büdcə xərclərini məhz hərbi xərclər təşkil etmişdir. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Azərbaycan bir ölkədən asılı olmamaq üçün lazımi texnikanı bir çox mənbələrdən aldı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə dolğun şəkildə çatdırıldı.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Zəfər paradı bu Zəfəri, hərbi gücümüzü bir daha dünyaya nümayiş etdirdi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Zəfər paradını ölkəmizin bütün bölgələrindən Bakıya gəlmiş on minlərlə vətəndaşımız izlədi. Bu birliyimizin, həmrəyliyimizin təqdimatı idi.
Tarixi Zəfərimizdən, Zəfər Paradından ötən üç il ölkəmizin həyatında mühüm hadisələrlə yadda qaldı. Bu gün qürurla ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından bəhs edirik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı, 8 noyabr-Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda iştirak etdi. Bundan böyük xoşbəxtlik ola bilməz.
Hazırda Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Zəfər paradından ötən üç il Böyük Qayıdış proqramının uğurlu icrasının nümayişidir. Sıfırdan yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Hacı Fərəc müəllim: Unudulmaz tarix
Rəşad Cəbrayılov: Azərbaycan Zəfər paradından sonra qələbə dastanı yazmaqda davam edir
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Hacı Fərəc müəllim: Əldə olunmuş bu tarixi nəaliyyətlər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib