» » Hacı Fərəc müəllim: Unudulmaz tarix

Hacı Fərəc müəllim: Unudulmaz tarix

Hacı Fərəc müəllim: Unudulmaz tarix
Siyasət
10:26, 06 декабрь 2023
64
0
Hacı Fərəc müəllim: Unudulmaz tarix


Hacı Fərəc müəllim - 10 dekabr 2020-ci il çoxəsrlik tariximizə yazılan parlaq səhifələrdən biridir. Bu tarixdə şanlı Qələbəmizin, hərbi qüdrətimizin dünyaya təqdimatı olan Zəfər paradı keçirildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradındakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi: “30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib.”

Hər bir tarixi gün, bayram keçilən yola qısa nəzər salmağı bir zərurətə çevirir. Tarixi Zəfərimizi şərtləndirən amillər aydındır. Azərbaycan bu illər ərzində daha da gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu sahəsində atılan addımların nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb, üzərinə düşən missianı şərəflə, yüksək səviyyədə yerinə yetirir. Son üç ilin uğurları sırasında xüsusi yer tutan suverenliyimizin tam təmin edilməsi rəşadətli Ordumuzun imkanlarının növvbəti təqdimatı oldu. Bu ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin başladığı bir günlük lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlılarının döyüş mövqeləri dağıdıldı və separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Yüksək peşəkarlığa malik olan Azərbaycan Ordusu qarşısına qoyulan hədəflərə uğurla çatır. Prezident İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində bəyan etdiyi kimi, Ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı və Azərbaycan əsgəri, zabiti bir daha həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Ordu quruculuğu daim prioritet məsələdir. Torpaqlarımızın işğaldan azad edilməsinə baxmayaraq dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi qeyd etdi. Dövlət büdcəsindən ayırmalarda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, müdafiə gücümüzün artırılması əsas hədəf kimi vurğulanır.  

10 dekabr Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümayişi oldu. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradındakı çıxışında səsləndirdiyi bu fikirlər həm paradın özəlliyini, eyni zamanda, qarşıdakı dövrün hədəflərini açıqladı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Bu gün bizlərə bu qürurlu anları yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Dünya bu reallığı qəbul etdi ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır.

Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın