“Böyük Qayıdış” siyasəti dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil edir
Gündəm / Siyasət
İllərdir həsrətində olduğumuz, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq. 31 ildir ki, məcburi köçkün həyatı yaşayan nisgilli vətəndaşlarımızın yenidən öz doğma ocağına qayıdacaqları inamını içimizdə böyüdüb, ölməyə qoymamışıq. Qarabağa yenidən dönəcəyimiz günün arzusu ilə ayaqda qalmışıq. Biz bu günü çox gözlədik. Ay yox, gün yox, illərlə… Təxminən bir qərinə. Nəhayət, o gün gəldi.
31 illik kədər sona yetdi. Vətən həsrəti, Vətən nisgili sona çatdı, arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi. Gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi. Qarabağa qovuşduğumuz tarix - 10 noyabr 2020-ci il. Bu gün Böyük Qələbə Günüdür. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü.
Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirən Bəyanat Azərbaycanın Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişməsi və itirilmiş ərazilərimizin qaytarılması ilə başa çatdı. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar, həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
Üçtərəfli Bəyanat Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını təsdiq edir. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirilməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.
Düşmənin kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatdan sonra Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirdi. Ancaq hər zaman olduğu kimi, dəyişməz erməni xisləti bu dəfə də özünü büruzə verdi. Paşinyan hakimiyyəti sülh prosesinə əngəl törətmək üçün müxtəlif təxribatlara əl atdı. Rəsmi İrəvanın bu cür mövqe sərgiləməsinə baxmayaraq, Azərbaycan istər indi, istərsə də geridə qoyduğumuz illər ərzində diplomatik əlaqələrin normallaşması istiqamətində təşəbbüslərlə çıxış etdi. Bunun əksinə, Ermənistan regionda təhlükəsizliyə təhdid yaradır, 2020-ci ildə imzalanmış Bəyanatın şərtlərinə əməl etmirdi.
Məlumdur ki, bölgədəki separatçılar əraziyə yeni minalar basdırır, buradakı vətəndaşların həyatını risk altında qoyurdular. Şübhəsiz, Azərbaycan öz ərazisində bu cür qanunsuz fəaliyyətə göz yuma bilməzdi. Bu məqsədlə, ölkəmiz cəmi 23 saatlıq lokal antiterror tədbirləri keçirdi. Heç bir gün belə çəkməyən bu tədbirlər Qarabağdakı xunta rejiminə son qoydu. 2023-cü il sentyabrın ayının 19-20-də keçirilən antiterror tədbirləri zamanı Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Cəmi bir sutkadan da az müddətdə qazanılan növbəti qələbə kimliyindən, vəzifəsindən və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının sonsuz sevincinə səbəb oldu.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Nəhəng infrastruktur layihələr icra edilir, Ermənistanın törətdiyi işğalın ağır nəticələri aradan qaldırılır, azad edilən torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafı, yüz minlərlə keçmiş məcburi köçkünün doğma yurd yerlərinə ləyaqətlə qayıdışı üçün dövlət tərəfindən zəruri tədbirlər görülür.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında cəmi 20 il ərzində siyasi, iqtisadi, sosial, hərbi, ümumiyyətlə, bütün sahələr üzrə hərtərəfli inkişaf edərək Cənubi Qafqazın lider ölkəsi və dünyada söz sahibi olan Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib, yüz minlərlə keçmiş məcburi köçkünün vətəndə qəribçiliyinə son qoyulub. Vaxtilə bir həyat nişanəsi belə tapmaq mümkün olmayan Qarabağ və Şərqi Zəngəzur indi cənnətməkana çevrilir və Böyük qayıdış karvanları ilə yurda dönən doğma sakinlərinə qucaq açır.
Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri, YAP fəalı
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun:
Hacı Ruslan Həsənov: 8 Noyabr -Milli birliyimizin rəmzi
İslam İsmayılov : Zəfər zirvəsinə yüksələn qəhrəmanlar
Hacı Fərəc müəllim: Əldə olunmuş bu tarixi nəaliyyətlər Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir
Elxan Allahverdiyev rayon sakinlərinin müraciətlərini dinlənilərək onlar tərəfindən qaldırılan məsələlərin qanunamüvafiq qaydada həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verir
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təşəbbüsü ilə "Unutmadıq, unutmarıq" adlı tədbir keçirilib