» » Münasib Qurbanov: Strateji Layihələr Muxtar Respublikanın Gələcəyini Yenidən Formalaşdırır

Münasib Qurbanov: Strateji Layihələr Muxtar Respublikanın Gələcəyini Yenidən Formalaşdırır

Münasib Qurbanov: Strateji Layihələr Muxtar Respublikanın Gələcəyini Yenidən Formalaşdırır
Siyasət
00:21, 13 август 2026
3
0
ilham-eliyevden-naxcivanin-mudafie-potensialinin-guclendirilmesine-dair-aciqlama



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri muxtar respublikanın gələcəyinə hesablanmış genişmiqyaslı layihələrin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirdi. Budəfəki səfərin fərqli cəhəti ondan ibarət oldu ki, diqqət yalnız ayrı-ayrı obyektlərin tikintisinə deyil, Naxçıvanın iqtisadi, enerji, nəqliyyat, sosial və müdafiə imkanlarını vahid inkişaf modelində birləşdirən strateji istiqamətlərə yönəldi. Prezident İlham Əliyev də AzTV-yə müsahibəsində Naxçıvanın hərtərəfli inkişaf etdiyini və səfər çərçivəsində keçirilən tədbirlərin bunun əyani göstəricisi olduğunu vurğuladı.
Naxçıvanın qarşıdakı illərdə iqtisadi fəallıq mərkəzlərindən birinə çevrilməsi üçün mühüm addımlardan biri yeni Sənaye Parkının yaradılmasıdır. 310 hektarlıq ərazidə qurulacaq Naxçıvan Sənaye Parkı istehsal müəssisələrinin fəaliyyət göstərdiyi adi sənaye zonası deyil, geniş infrastruktur imkanlarına malik yeni iqtisadi məkan kimi nəzərdə tutulur. Burada sahibkarların fəaliyyəti üçün elektrik, istilik, qaz, su, rabitə və nəqliyyat infrastrukturu yaradılacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, ərazi baxımından bu park Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci yeri tutur. Bu miqyas Naxçıvanda sənayeləşmə prosesinin qarşıdakı dövrdə daha sürətli xarakter ala biləcəyini göstərir.
Yeni sənaye müəssisələrinin yaradılması isə ilk növbədə məşğulluğun genişlənməsi deməkdir. İstehsal sahələrinin çoxalması yerli əmək bazarında yeni imkanlar yaradacaq, sahibkarlığın inkişafını sürətləndirəcək və Naxçıvan iqtisadiyyatında özəl sektorun rolunu artıracaq. Ən mühüm məqamlardan biri də istehsal olunan məhsulların gələcək nəqliyyat dəhlizləri vasitəsilə xarici bazarlara daha rahat çıxarılması imkanının yaranmasıdır. Beləliklə, sənaye və nəqliyyat layihələri bir-birini tamamlayan iqtisadi mexanizmə çevrilə bilər.
Muxtar respublikanın yeni inkişaf modelində enerji xüsusi yer tutur. Naxçıvanda Günəş və su enerjisi potensialından daha geniş istifadə olunması artıq konkret layihələrlə müşayiət edilir. Ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları bunun bariz nümunəsidir. Bununla yanaşı, Prezident İlham Əliyevin açıqladığı perspektiv daha böyükdür. Dövlət başçısı Naxçıvanda təkcə Günəş enerjisi istehsalının ən azı 500 MVt, gələcəkdə isə hətta 1000 MVt səviyyəsinə çatmasının mümkünlüyünü bildirib.
Bu göstəricilər Naxçıvanın enerji siyasətində mühüm keçidi ifadə edir. Söhbət artıq yalnız muxtar respublikanın elektrik enerjisi ilə etibarlı təminatından deyil, böyük həcmdə enerji istehsal edib ixrac etmək imkanından gedir. Prezident İlham Əliyev Azərbaycanın Avropaya neft və qazla çıxdığını xatırladaraq ölkənin elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq niyyətini açıqlayıb. Naxçıvan isə coğrafi mövqeyi və bərpaolunan enerji imkanları ilə bu strategiyanın əsas halqalarından birinə çevrilə bilər.
Naxçıvanın gələcəyini dəyişdirə biləcək digər mühüm istiqamət yeni nəqliyyat xəritəsinin formalaşdırılmasıdır. Zəngəzur dəhlizi və Naxçıvan dəmir yolunun yenidən qurulması muxtar respublikanın uzun illər mövcud olmuş nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin açıqlamasına görə, Naxçıvan ərazisində yeni texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq dəmir yolunun uzunluğu 194 kilometr olacaq və əsas hədəf xəttin 15 milyon ton yükdaşıma imkanına çatdırılmasıdır.
Bu layihənin əhəmiyyəti yalnız Bakı ilə Naxçıvan arasında əlaqənin təmin edilməsindən ibarət deyil. Yeni marşrut Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm qollarından birinə çevrilə bilər. Belə bir perspektiv Naxçıvanı regional tranzit xəritəsində mühüm mövqeyə çıxaracaq. Böyük yük axınının bölgədən keçməsi logistika, anbar təsərrüfatı, xidmət, ticarət və digər sahələrdə yeni bizneslərin yaranmasına şərait yaradacaq. Prezident İlham Əliyev də bu proses nəticəsində iqtisadi fəallığın artacağını, daha çox iş yerlərinin açılacağını və Naxçıvanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilə biləcəyini bildirib.
Dəhlizin perspektivləri daha geniş miqyasda nəzərdən keçirilir. Burada dəmir və avtomobil yolları ilə yanaşı, elektrik xətlərinin və fiber-optik kabelin çəkilməsi, gələcək ehtiyacdan asılı olaraq neft və qaz kəmərlərinin də yerləşdirilməsi imkanları nəzərdə tutulur. Bu yanaşma Naxçıvanı yalnız tranzit məntəqəsi deyil, nəqliyyat, enerji və rəqəmsal kommunikasiyaların kəsişdiyi strateji mərkəzə çevirmək perspektivi yaradır.
Dəyişikliklərin gündəlik həyatda hiss ediləcək istiqamətlərindən biri isə ictimai nəqliyyat sisteminin yenilənməsidir. Naxçıvan şəhərində istifadəyə veriləcək 60 elektrik avtobusu müasir şəhər nəqliyyatının formalaşdırılması istiqamətində mühüm yenilikdir. Nağdsız ödəniş, rəqəmsal monitorinq və müasir depo infrastrukturu ictimai nəqliyyat xidmətinin keyfiyyətini yüksəltməyə hesablanıb. Bunun ardınca rayonlararası nəqliyyatın da yenilənməsi nəzərdə tutulur. Prezident İlham Əliyev 217 müasir rayonlararası avtobusun alınması barədə göstəriş verildiyini açıqlayıb.
Sosial infrastrukturun genişləndirilməsi də yeni inkişaf mərhələsinin mühüm hissəsidir. Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial yaşayış kompleksinin təməlinin qoyulması mənzil təminatının yaxşılaşdırılması istiqamətində atılan əhəmiyyətli addımdır. Yaşayış binaları ilə yanaşı, uşaq bağçası, xidmət obyektləri, yollar, səkilər və yaşıllıq sahələrinin yaradılması kompleks yanaşmanın tətbiq olunduğunu göstərir. Burada məqsəd yalnız yeni mənzillər tikmək deyil, müasir yaşayış mühiti formalaşdırmaqdır.
Prezidentin səfəri Naxçıvanın təhlükəsizliyinin iqtisadi inkişafdan ayrılmaz olduğunu da göstərdi. Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış əməliyyat-komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi bunun mühüm göstəricisi oldu. Dövlət başçısı Naxçıvanın xüsusi coğrafi mövqeyini nəzərə alaraq muxtar respublikanın müdafiə potensialının gücləndirilməsinin prioritet olduğunu bildirib. Müasir texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması Naxçıvanda hərbi potensialın bundan sonra da gücləndiriləcəyini göstərir.
Naxçıvan üçün müəyyənləşdirilən yeni inkişaf kursunda kənd təsərrüfatı və su təminatı da diqqətdən kənarda qalmır. Yeni artezian quyularının qazılması, müasir suvarma sistemlərinin yaradılması və indiyədək suvarılmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə imkan verə bilər. Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında Naxçıvana xüsusi yer ayrıldığını bildirib. Bu istiqamətdə görüləcək işlər kənd yerlərində məşğulluğun və sahibkarlığın genişlənməsinə də yeni imkanlar aça bilər.
Muxtar respublikanın turizm imkanlarının daha səmərəli istifadəsi də qarşıya qoyulan hədəflər sırasındadır. Naxçıvanın qədim tarixi, memarlıq abidələri, təbiəti və təmiz havası böyük turizm potensialı yaradır. Prezident İlham Əliyev mövcud mehmanxana infrastrukturunun bu potensialın tam reallaşdırılmasına imkan vermədiyini bildirərək Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulduğunu qeyd edib. Yeni nəqliyyat imkanlarının yaranması ilə turizm infrastrukturu arasında əlaqənin güclənməsi gələcəkdə bölgəyə turist axınının artmasına şərait yarada bilər.
Bütün bu proseslərin ən mühüm tərəflərindən biri isə Naxçıvanın inkişafının artıq Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq siyasəti ilə vahid konsepsiyada nəzərdən keçirilməsidir. Prezident İlham Əliyev Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid yanaşma əsasında inkişaf etdirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Bu üç bölgənin yaşıl enerji, müasir infrastruktur, yeni idarəetmə və nəqliyyat bağlantıları əsasında bir-birini tamamlaması Azərbaycanın gələcək iqtisadi coğrafiyasında mühüm dəyişiklik yarada bilər.
Naxçıvanda həyata keçirilən layihələrə bütövlükdə nəzər saldıqda burada sadəcə tikinti və yenidənqurma prosesinin getmədiyi görünür. Yeni sənaye müəssisələri, elektrik stansiyaları, dəmir yolları, elektrik avtobusları, yaşayış kompleksləri, turizm infrastrukturu və kənd təsərrüfatı layihələri bir-biri ilə əlaqələndirilmiş uzunmüddətli strategiyanın ayrı-ayrı hissələridir. Məqsəd Naxçıvanı öz iqtisadi imkanlarını genişləndirən, enerji ixrac edən, beynəlxalq yük axınlarına qoşulan, müasir sosial infrastruktura malik və təhlükəsizliyi yüksək səviyyədə təmin edilmiş güclü iqtisadi bölgəyə çevirməkdir.
Prezident İlham Əliyevin Naxçıvan səfərinin ortaya qoyduğu əsas mənzərə də məhz budur: muxtar respublika üçün yeni mərhələ artıq yalnız planlardan ibarət deyil. Layihələrin bir hissəsi tikilir, bir hissəsinin təməli qoyulur, digərlərinin icrası üçün konkret qərarlar qəbul edilir. Dövlət başçısının ifadə etdiyi kimi, qarşıda böyük planlar var və onların həyata keçirilməsi üçün həm siyasi iradə, həm də maliyyə imkanları mövcuddur. Naxçıvan beləliklə Azərbaycanın yeni iqtisadi, nəqliyyat və enerji xəritəsində daha böyük rol oynamağa doğru irəliləyir.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın