» » Nazim müəllim: Strateji dialoq - inkişaf, təhlükəsizlik və əməkdaşlıq amili

Nazim müəllim: Strateji dialoq - inkişaf, təhlükəsizlik və əməkdaşlıq amili

Nazim müəllim: Strateji dialoq - inkişaf, təhlükəsizlik və əməkdaşlıq amili
Siyasət
00:47, 24 июль 2026
4
0
eliyev-berlinde-resmi-qarsilandi

Prezident İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan xarici siyasətinin Avropa istiqamətində növbəti mühüm uğuru kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçılarının verdiyi bəyanatlar təsdiqləyir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər yeni məzmun qazanaraq növbəti inkişaf  mərhələsinə yüksəlir. Bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək perspektivləri, regional təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Bu faktorlar iki ölkə arasında qarşılıqlı etimadın, siyasi iradənin və ortaq maraqların göstəricisidir. “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas siyasi sənəd kimi çıxış edir. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edəcək.
Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər son illər dinamik inkişaf edir. Hazırda 200-dən artıq Almaniya şirkətinin ölkəmizdə fəaliyyət göstərməsi Azərbaycan iqtisadiyyatına olan etimadın göstəricisidir. Bu şirkətlər sənaye, energetika, logistika, tikinti, kənd təsərrüfatı, maşınqayırma və yüksək texnologiyalar kimi müxtəlif sahələrdə uğurlu layihələr həyata keçirirlər.
Berlin görüşləri çərçivəsində qarşılıqlı investisiyaların artırılması, yeni sənaye layihələrinin reallaşdırılması və Almaniya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa-quruculuq prosesinə daha fəal cəlb olunması istiqamətində mühüm müzakirələr aparılıb. Bütün bunlar iqtisadi tərəfdaşlığın yaxın illərdə daha geniş miqyas alacağını nümayiş etdirir.
Enerji əməkdaşlığı Azərbaycan–Almaniya münasibətlərinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bununla Azərbaycan qazı artıq Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır ki, bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş statusunu daha da möhkəmləndirir. Eyni zamanda, Azərbaycanın Almaniyaya neft ixracı davam edir və gələcəkdə yaşıl enerji sahəsində əməkdaşlıq üçün də geniş perspektivlər mövcuddur. Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik stansiyaları və yaşıl enerji dəhlizi layihələri Almaniya ilə əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Bu əməkdaşlıq Avropanın enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də nəqliyyat və tranzit sahəsində əməkdaşlıq olub. Son illərdə həyata keçirilən iri infrastruktur layihələri nəticəsində Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrilib. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və müasir avtomobil magistralları ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması isə ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu daha da gücləndirib. Almaniyanın logistika və nəqliyyat sahəsində qabaqcıl təcrübəsi bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.
Berlin görüşləri zamanı regional təhlükəsizlik və Cənubi Qafqazda sülh prosesi də əsas müzakirə mövzularından biri olub. Prezident İlham Əliyev vurğulayıb ki, torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi. Dövlətimiz regionda davamlı sülhün bərqərar olması üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Dövlət başçısı Almaniya hökumətinin sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığı addımlar, iqtisadi-humanitar əməkdaşlığın genişləndirilməsi və kommunikasiya imkanlarının açılması bölgədə yeni inkişaf mərhələsinin əsasını qoyur.
Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü kimi Azərbaycan üçün mühüm tərəfdaşdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Almaniya ilə strateji dialoqun başlanması Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının daha da genişlənməsinə xidmət edəcək. Bu əməkdaşlıq enerji, ticarət, rəqəmsal texnologiyalar, innovasiya, yaşıl iqtisadiyyat, nəqliyyat və humanitar sahələri də əhatə edərək daha geniş məzmun qazanır.
Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və təşəbbüskar tərəfdaş kimi mövqeyini möhkəmləndirməkdə davam edir. İmzalanmış strateji sənədlər, biznes əməkdaşlığının genişləndirilməsi, enerji tərəfdaşlığının dərinləşdirilməsi, nəqliyyat layihələrinin inkişafı və siyasi dialoqun institusional əsaslara keçməsi Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişafını müəyyən edən mühüm amillərdir.
Müasir geosiyasi şəraitdə bu tərəfdaşlıq həm iki ölkənin milli maraqlarına xidmət edir, həm də Avropanın enerji təhlükəsizliyinə, Cənubi Qafqazda davamlı sülhün möhkəmlənməsinə, Avrasiya nəqliyyat dəhlizlərinin inkişafına və iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin Berlin səfəri məhz bu baxımdan Azərbaycan diplomatiyasının növbəti uğuru və Azərbaycan–Almaniya münasibətlərinin tarixində yeni strateji səhifənin başlanğıcı kimi dəyərləndirilir.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxın