Eldar Quliyev: “Türk dövlətlərində daxili sabitliyinin qorunmasının vacibliyi, müxtəlif xarici təsirlərin cəmiyyətlərimizin daxili dayanıqlığına yönəlməsi təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı tələb edir”
---

Hər zaman olduğu kimi son bir neçə ayda da ölkəmizin ictimai-siyasi həyatı bir sıra mühüm, bəzi hallarda isə Avrasiya kimi nəhəng bir coğrafiya miqyasında qlobal əhəmiyyət kəsb edən hadisələrlə zəngin oldu.Təkcə sentyabr ayında Bakıda ardıcıl olaraq Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısıb və TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının keçirilməsi artıq Azərbaycanın Türk və müsəlman dünyasında nüfuzunun durmadan yüksəldiyini göstərən mühüm amildir. Təbii ki, ölkənin daxili siyasi həyatında da mühüm hadisələrin baş verdiyini xüsusi qeyd edə bilərik. Bu baxımdan YAP-ın VIII Qurultayında qəbul olunmuş tarixi qərarlar Azərbaycanın bundan sonrakı inkişaf konsepsiyasının formalaşmasında mühüm rol oynayacaq.
Bugünkü buraxılışımızda Bakının mühüm beynəlxalq tədbilərə ev sahibliyi etməsinin əhəmiyyəti, eləcə də ölkəmizin ictimai-siyasi həyatında müşahidə olunan mühüm proseslər, baş vermiş önəmli hadisələr barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Xoş gördük Sizi, Eldar müəllim. Bizə vaxt ayıra bildiyinizə görə Sizə bütün redaksiya heyətimiz adından təşəkkür edirəm. İcazənizlə ilk sualımı elə ölkəmizin daxilində baş vermiş önəmli bir hadisə ilə, Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilmiş VIII Qurultayı ilə bağlamaq istərdim. İlk növbədə bu qurultayın siyasi əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında YAP-ı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi adlandırmışdır. İlk dəfədir ki, YAP-ın qurultayı Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra, yəni tamamilə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilirdi. Düşünürəm ki, məhz bu amil VIII Qurultayın siyasi əhəmiyyətini xüsusilə vurğulayır. Məsələ bundadır ki, Azərbaycanın qələbələrinin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O zaman Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər və 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq bu günkü qələbələrimizə yol açmış oldu.
- Eldar müəllim, Prezident İlham Əliyevin qurultaydakı çıxışında hər zaman olduğu kimi, bir sıra mühüm və aktual açıqlamalar yer almışdır. Sizin diqqətinizi xüsusilə çəkən məqamlar hansılar idi?
- Deməliyəm ki, dövlət başçımızın öz çıxışında toxunduğu bütün məsələlər istisnasız olaraq, ölkəmiz üçün, xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən mövzulardır. Bununla belə, mən xüsusi olaraq Azərbaycanın xarici siyasətilə bağlı səsləndirilən fikirləri bir daha diqqət mərkəzinə çəkərdim. Bu gün ölkəmizin dünyada nüfuzu durmadan artır. Azərbaycan bir çox yeni formatlara qoşulur. Artıq elə bir şərait yaranıb ki, bir-birinə düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri də beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər. O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Bunun əsas səbəbi əlbəttə ki, ölkəmizə olan inamdır. Azərbaycan özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilib. Hazırda bir çox ölkələrin müxtəlif düşərgələrə üzv olduqları halda, Azərbaycan heç bir düşərgəyə qoşulmur və qoşulmayacaq. Ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün müstəqil bir amil kimi dünya miqyasında dayanmaq və hörmət qazanmaq, əlbəttə ki, asan deyil. Ökəmizin beynəlxalq təşkilatlardakı rolu da danılmazdır. Azərbaycan BMT-dən sonra ikinci ən böyük təsisata 4 il rəhbərlik etdi, Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edildi. Bütün bunlar və hələ bir çox digər nailiyyətlər isə birmənalı olaraq Prezident İlham Əliyevin uğurla yürütdüyü müstəqil xarici siyasət sayəsində əldə edilib.
- Bu gün demək olar ki, bütün dünya dövlətləri üçün prioritet məsələlərdən biri milli təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Bu baxımdan sentyabrın 17-də Bakıda keçirilmiş TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısının əhəmiyyətini necə qiymətləndirirsiz?
- Siz çox aktual bir mövzuya toxundunuz. Müasir dünyada milli təhlükəsizlik məsələsi ən önəmli sahədir. Eyni zamanda da bu gün təhlükəsizlik anlayışının mühüm tərkib hissələri kimi dövlətlərin sabitliyi, milli maraqların müdafiəsi, cəmiyyətlərin mənəvi dayanıqlığı və gənc nəslin dünyagörüşünün formalaşdırılması kimi amillər də çıxış edirlər. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik əməkdaşlığının genişlənməsi mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər bu əməkdaşlığın mahiyyətini aydın göstərdi. Son illərdə TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əlaqələrin inkişafı ortaq potensialın daha geniş müstəvidə reallaşdığını göstərir. Azərbaycanın təşkilat daxilində fəal mövqeyi də ümumi gündəliyin formalaşdırılmasına, o cümlədən təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlərə önəmli töhfələr verir.
- Düşünürəm ki, cənab Prezidentin çıxışında ölkələrin daxili sabitliyinin qorunmasının vacibliyi məsələsi və bu baxımdan gənclərlə bağlı səsləndirdiyi fikirlər xüsusi aktuallıq kəsb edir...
- Tamamilə haqlısınız. Məsələ bundadır ki, formalaşma mərhələsində olan gənc nəslin müxtəlif manipulyasiyalara açıq olması təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı tələb edir. Gənclərin milli-mənəvi dəyərlərə bağlılığı, tarixi yaddaşının gücləndirilməsi və müasir çağırışları düzgün dərk etməsi uzunmüddətli ictimai sabitliyin mühüm şərtlərindəndir. Dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Milli həmrəylik, dövlətçilik düşüncəsi və milli-mənəvi dəyərlərə bağlılıq da dayanıqlılığın əsas amillərindəndir. Prezident İlham Əliyevin bu məsələləri təhlükəsizlik gündəliyi ilə əlaqələndirməsi Türk dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətlərinə dair mühüm mesajdır. Bakıda keçirilən görüşün əsas mesajlarından biri budur ki, Türk dünyasının təhlükəsizliyi və sabitliyi ortaq məsuliyyət tələb edir. Bu məsuliyyətin dayaqları qarşılıqlı etimad, milli maraqlara hörmət və gələcək nəsillərin birliyini təmin edən əməkdaşlıqdır. Azərbaycanın irəli sürdüyü yanaşmalar TDT məkanında təhlükəsizlik və dayanıqlılığın daha da möhkəmləndirilməsinə xidmət edir
- Ölkəmizin TDT daxilində aktiv fəaliyyəti barədə danışarkən əlbəttə ki, Azərbaycanın bu təşkilata üzv dövlətlərlə ikitərəfli münasibətlərinin də kifayət qədər yüksək səviyyədə olduğu qeyd edilməlidir. Bu baxımda Azərbaycan Prezidentinin avqustun 24-də Özbəkistana səfərini necə şərh edərdiniz?
- İlk növbədə qeyd etmək lazımdır ki, son illər Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun intensivləşməsi dövlət başçıları arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərən mühüm məqamlardan biridir. Məhz bu etimad münasibətlərin bütün istiqamətlərinə müsbət təsir göstərir. Ali Dövlətlərarası Şuranın yaradılması və onun artıq üçüncü iclasının keçirilməsi də siyasi əlaqələrin institusional əsaslarının möhkəmləndiyini nümayiş etdirir. Belə mexanizmlər qəbul olunan qərarların ardıcıl icrasına, yeni təşəbbüslərin əlaqələndirilməsinə və əməkdaşlığın konkret nəticələr üzrə qiymətləndirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyiniz səfər çərçivəsində Daşkənddə mətbuata bəyanatı da iki qardaş ölkə arasında münasibətlərin hansı dəyərlər üzərində qurulduğunu və bu əlaqələrin gələcəkdə hansı istiqamətlərdə inkişaf edəcəyini aydın şəkildə göstərdi. Bu münasibətlər haqqında danışarkən yalnız siyasi dialoqu və qarşılıqlı səfərləri xatırlamaq kifayət deyil. Azərbaycan-Özbəkistan əlaqələrinin fərqləndirici cəhəti ondan ibarətdir ki, siyasi iradə artıq konkret layihələrə, iqtisadi təşəbbüslərə və xalqların həyatında görünən nəticələrə çevrilir.
- Eldar müəllim, cari ilin sentyabr ayında TDT-yə üzv olan digər bir ölkə ilə, Qırğızıstanla bağlanmış müqavilənin mahiyyəti barədə nə deyə bilərsiz?
- Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin son illərdə keçdiyi inkişaf yolu bir daha əyani şəkildə göstərir ki, iki ölkənin əməkdaşlığı təsadüfi siyasi yaxınlaşmanın nəticəsi deyil. Bu münasibətlər ortaq tarixə, mədəni köklərə və qarşılıqlı etimada əsaslanan ardıcıl dövlət siyasətinin məhsuludur. Prezident İlham Əliyevin sentyabrın 1-də Qırğızıstana dövlət səfəri zamanı Çolpon-Ata şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” isə bu siyasətin ən mühüm nəticələrindən biri kimi tarixə düşdü. Sənəd iki dövlət arasında əməkdaşlığın yeni mərhələsinin hüquqi və siyasi əsaslarını müəyyənləşdirməklə yanaşı, gələcək onilliklər üçün strateji yol xəritəsi rolunu oynayacaq. Beynəlxalq təcrübədə müttəfiqlik münasibətləri dövlətlərin bir-birinə ən yüksək səviyyədə etibar etdiyini göstərən siyasi institut hesab olunur. Belə münasibətlər təkcə diplomatik dialoqun intensivləşməsi demək deyil. Bu status tərəflərin regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış etməsini, milli maraqların müdafiəsində qarşılıqlı dəstək göstərməsini, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri sistemli şəkildə inkişaf etdirməsini nəzərdə tutur. Məhz buna görə də Çolpon-Atada imzalanan müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyən strateji qərardır.
Söhbətləşdi: Azər Məmmədov
ardı var...
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Eldar Quliyev: “Türk dövlətlərində daxili sabitliyinin qorunmasının vacibliyi, müxtəlif xarici təsirlərin cəmiyyətlərimizin daxili dayanıqlığına yönəlməsi təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı tələb edir”
Mehriban xanım: “Şəhidlik zirvəsindən ucalan Zəfər”
Elşad Abdullayev: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayələr üçün etibarlı və cəlbedici tərəfdaşdır
Kamaləddin Qafarov: “Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı”
Elman İmamverdiyev: Yeni döyüş taktikası, peşəkarlıq və qələbə əzmi
Həmçinin oxuyun:
Eldar Əzizov: “Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
Eldar Quliyev: “Bu gün beynəlxalq münasibətlər sistemində etimad ən böyük siyasi kapitaldır və Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət məhz bu kapitalı formalaşdırıb”
Razim müəllim: “Xalqın etimadını doğruldan, dünyaya Azərbaycan qadınının obrazını tanıdan şəxsiyyət”
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
Azərbaycan Orta Dəhliz layihəsində söz sahibidir.
