“NÖVBƏTİ QURBAN GERASİMOV OLACAQ...” – “Putinlə generallar arasındakı çat dərinləşir”
Dünya
Xersonun təhvil verilməsi Rusiya ordusunun Ukraynadakı ən ağır məğlubiyyətlərindən biri sayılır. Bir çox ekspertlər bunun hətta qoşunların Kiyev ətrafından çəkilməsindən də ağrılı hadisə olduğunu və müharibənin gedişində dönüş nöqtəsinə çevrilə biləcəyini iddia edirlər.
Xerson məğlubiyyətinə görə məsuliyyətin ordu rəhbərliyinin üzərinə atılması və bunun üçün səhnəyə nazir Sergey Şoyqu və general Sergey Surovikinin çıxarılması da Vladimir Putini tənqid və ittiham hədəfi olmaqdan yayındırmağa xidmət edir. Lakin bütün bunlar hələlik müti təsir bağışlayan rus generalitetində ciddi narazılıqlar yaratmaya bilməz.
“AzPolitika.info” xəbər verir ki, Rusiyada tanınmış müxalifətçilərdən olan sabiq Duma deputatı, jurnalist İqor Yakovenko ordu rəhbərliyində Putindən və onun ətrafından narazılıqların artdığını bildirib. O, deyib ki, Xersonun təhvil verilməsi müharibədə əhəmiyyətli dönüş nöqtəsidir.
Həmçinin, bu məğlubiyyət Putin rejiminin dərhal yıxılmasına gətirib çıxarmasa da, ölkə daxilində, xüsusilə də ordu ilə Putin arasında narazılıqları xeyli dərəcədə artıracaq. Xüsusilə də ona görə ki, hakimiyyətin siyasi qərarlarının girovuna çevrilən generallar Kreml tərəfindən bütün uğursuzluqların əsas baiskarları kimi təqdim olunurlar: “Biz bilmirik, Ukrayna Ordusunun hansı növbəti qələbəsindən sonra Rusiyadakı rejim yıxılacaq. Ancaq çatlar yaranıb və bu, aşkar görünür. Ordu ilə Putin arasındakı çat getdikcə dərinləşir. Bu, hiss olunur, ona görə ki, generallar lap əvvəldən müharibənin əleyhinə idilər.
Yakovenko bildirib ki, Putin özü ordunu və Baş Qərargahı müharibəyə başlamağa vadar etdiyi halda, hazırkı məğlubiyyətə görə məsuliyyəti ordu rəhbərliyinin üzərinə atır: “General Aleksandr Lapinin kəlləsini Putinə gətirən Priqojinin və Kadırovun əsas zərbəsi Baş Qərargah rəisi Valeri Gerasimova yönəlib. Mümkündür ki, növbəti qurban da elə Gerasimov olacaq. Generallar qurbanlıq quzu olmaq istəmirlər. Onlar hansısa anda, Putindən tam narazılıq meydana gələndə öz sözlərini deyəcəklər”.
Xatırladaq ki, Ukrayna savaşında Rusiya indiyə kimi 10 generalını itirib. 6 general isə tutduğu vəzifədən azad edilib. Əksər ekspertlər bildirirlər ki, Putin generallara qarşı başlatdığı ləkələmə kampaniyası ilə Ukraynadakı məğlubiyyətə görə məsuliyyəti onların üzərinə atmağa çalışır. ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq komandanı, general-leytenant Ben Hoces isə son açıqlamalarının birində qeyd edib ki, artıq rus ordusunun generalları Putinə etibar etmirlər.
Ctrl
Enter
Mətndə səhv var?
Mətni seçin və Ctrl+Enterdüyməsini sıxınDigər xəbərlər:
Həmçinin oxuyun: